En   Ru   Az  


     
                                                                                                                                                             
                                                                                                                           
Yararlı məlumat
Atəşgah məbədi
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BİNASI
Cavanşir qalası
ÇIRAQQALA
Dairəvi Nardaran qalası
Diri-baba türbəsi
Əjdərbəy məscidi
Əskipara məbədi
İsmailiyyə Sarayı
Mömünə xatun türbəsi
Qız qalası (Bakı)
Qum bazilikası
Şəki xan sarayı (Şəki)
Şirvanşahlar sarayı
Yeddi kilsə monastır kompleksi
Yararlı məlumat  »  Cavanşir qalası


Cavanşir qalası - İsmayıllı rayonu ərazisində yerləşən qaladır.

     Rayonun Talıstan kəndi yaxınlığında olan Cavanşir qalasını VII əsrdə məşhur sərkərdənin şərəfinə tikdirmişlər. Qala Talıstan kəndindən 4 km şimalda Ağ çayın sağ sahilindədir. Qaladan bir qədər aralı, qalaya gedən yolun üstündə səngər yeri adlı kiçik düzənlik vardır. Bu yerin xüsusiyyətindən və adından məlum olur ki, qalaya olan hücumların qarşısı burada alınıb. Burada ciddi müqavimətlə qarşılaşan, xeyli qüvvə itirən düşmən qalaya hücumu tam gücü ilə davam etdirə bilməyib.

     Qalanın ümumi sahəsi 1,5 – 2 hektardır. Qala kirəc məhlulu ilə çay daşından tikilib. Qalanın qərb divarları isə uçulmuş halda olsa da qala müdafiə xüsusiyyətini özündə saxlamışdır. Qala üç tərəfdən Ağ çayın dərin keçilməz dərəsi ilə əhatə olunmuşdur. Qalaya giriş yalnız cənub tərəfdən olmuşdur. Burada eni 2,5 m olan darvaza yeri aydın görünür. Cənub divarlar daha möhkəm olmuşdur. Həmin hissədə qala divarlarının qalınlığı 2, hündürlüyü isə 10 m-dən çoxdur. Divarların üstündə bir-birindən təxminən 0,5 m aralı daraqvari dişlər olmuşdur. Qala divarlarını möhkəmləndirmək məqsədilə bürclər tikilmişdir. Bürclər cənub tərəfdə dördkünc, digər tərəflərdə isə dairəvi formadadır. Onların bəzilərinin diametri 8 metrə çatır.

     Qüdrətli müdafiə istehkamı olan Cavanşir qalası qala və narınqala adlanan iç qaladan ibarətdir. İç qala qalanın şimal hissəsindədir. İç qalanın divarları daha çox dağıntıya məruz qalmışdır. Bir çox yerlərdə onun yalnız bünövrəsi qalmışdır. Qalanın şimal qurtaracağında baş müşahidə məntəqəsi yerləşir. Oradan “Səngər yeri” və ümumiyyətlə qalaya gələn yollar aydın görünür.

     Qalanın şimal-şərq tərəfində gizli yol olmuşdur. Bu da uzun çəkən mühasirə zamanı qalanın xarici aləmlə əlaqə saxlamasına imkan verirdi. Gizli yol olan tərəfdən qalaya hücum üçün heç bir imkan yoxdur.

     Ümumilikdə qala üçün seçilən yer müdafiə baxımında idealdır. Oraya çox böyük qüvvə ilə hücum etmək mümkün deyildir. Oraya olan hücumların qarşısını da almaq üçün çox da böyük qüvvəyə ehtiyac olmamışdır.

     Cavanşir qalası sonrakı əsrlərdə də müdafiə əhəmiyyətini qoruyub saxlamışdır. Çox güman ki, qalanı heç vaxt düşmən qüvvələr ələ keçirə bilməmişdir. Qalada döyüş zamanı olan dağıntı izlərinə rast gəlmək olmur.